Yağıntılı havada təcili yardıma nə qədər müraciət daxil olub?
Cəmiyyət
17.04.2025
12:51
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq təcili tibbi yardıma 60-dan çox müraciət qeydə alınıb.
Bu barədə Arb24.tv ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:
"Əhalinin sağlamlığının qorunması və vaxtında tibbi yardımın göstərilməsi məqsədilə fasiləsiz şəkildə xidmət davam etdirilir.
Paytaxtla yanaşı, bölgələrdə də təcili tibbi yardım briqadaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çətin hava və yol şəraitinə baxmayaraq, bütün müraciətlərə çevik və operativ reaksiya verilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb.
Belə ki, Siyəzən rayonunun Həmyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının üç briqadası hadisə yerinə cəlb olunub. Güclü yağış səbəbindən yaranan çətinliklər fonunda sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.
Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan iki nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hazırda bölgələrdə müvafiq istiqamətdə tədbirlər fasiləsiz davam etdirilir".
Xatırladaq ki, aprelin 15-16-da Azərbaycan ərazisində güclü külək əsib, yağış, leysan və qar yağıb.