Saida Haqverdiyeva: "Tamaşa bileti bahadır deyənlər kafelərdə daha çox pul xərcləyirlər"
Müsahibələr
09.01.2025
10:09
Başqasının ideyasını, mizanını, fikrini, hissini təqlid etmək, kopyalamaq da bir oğurluqdur. Peşə ədəbi deyilən bir şey var. Onu tapdalamaq olmaz".
Bu sözləri oxu.az-a müsahibəsində Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, Müstəqil "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" inklüziv teatrının rəhbəri, rejissor Saida Haqverdiyeva bildirib. Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və üç müstəqil teatrın rəhbərisiniz. Deməli, həm peşəkar aktyorlar, həm uşaqlar, həm də fiziki məhdudiyyəti olan uşaqlarla işləyirsiniz. Və bunlar bir-birindən fərqli yanaşmalar tələb edir. Bunu necə bacarırsınız?
- Bundan başlayım ki, teatra 2011-ci ildə inzibatçı kimi gəlmişəm. Konkret yaradıcı təşəbbüs kimi teatrda işə başladıqdan iki il sonra bu yöndə əməli işə keçdim, uşaqlarla işə başladım. Məlumat üçün deyim ki, o zamanlar "Azərbaycan teatrı 2009-19-cu illərdə" Dövlət Proqramı vardı və ona müvafiq olaraq, bu teatrın nəzdində böyüklər üçün "Oyuq" teatr-studiyası fəaliyyətdə idi. O dönəmdə kiçik uşaqlarla bağlı bir neçə sosial aksiyamız da oldu və balacaların səhnəyə böyük maraq göstərməsi diqqətimi cəlb etdi. Teatrın direktoru Rəşad Əhmədzadəyə müraciət etdim ki, gəlin uşaqlarla tamaşa qoyaq. O, razılıq verəndən sonra kastinqə başladıq, müxtəlif məktəb və liseylərdən istedadlı, səhnəyə marağı olan uşaqları seçdik, ardınca müxtəlif səhnə vərdişləri üzrə məşqlərə başladıq. Nəticədə 2013-cü ildə uşaqların iştirakı ilə ilk tamaşamızı hazırladıq. Tamaşa çox uğurla nümayiş olundu. Uşaqlar çox xoşbəxt idilər, biz onlardan da xoşbəxt idik. O gündən qərara aldıq ki, Kukla Teatrının nəzdində "Oyuq" uşaq teatr-studiyası yaradaq. Və uşaqlarla yeni-yeni tamaşalar qoymağa başladıq.
2016-cı ildə ilk dəfə UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı ilə birlikdə autizmli uşaqlarla birgə layihə hazırladıq. Onları səhnəyə çıxardıq. Autizmli uşaqlar çox həssasdırlar. Çalışırdım ki, onları incitməyim, onlara uyğun dildə danışım. Onlarla işləmək nə qədər məsuliyyətli, nə qədər çətin olsa da, bir o qədər mənəvi rahatlıq, sevinc verir. Bilirsiniz, indi danışıram, kiməsə asan görünə bilər. Amma belə deyil. Hər biri ilə uyğun ünsiyyət formasını tapmaq xeyli vaxt apardı. Amma mümkün oldu. Bunun əsasında sevgi və səbir dayanır. Onlarla işləməyin hər hansısa bir yolu var idi və biz o yolu belə tapdıq. Bu yol sevgidən keçirdi. Ondan sonra qərara aldıq ki, teatrımızda "Küllücə" ("Zoluşka") inklüziv teatr-studiyası yaradaq. Burada təkcə autizmli yox, həm də Daun sindromlu və digər həssas qruplardan olan uşaqlarla işləməyə başladıq. Sevinirəm ki, bu cəhdimiz də uğurlu alındı, cəmiyyətdə müsbət reaksiya yaratdı. Beləcə, az da olsa, o uşaqları, onların daxili dünyasını, bir növ ailələri ilə məhdudlaşan çevrələrini genişləndirib müstəqil cəmiyyət fərdi kimi ictimaiyyətə, yaşıdlarına təqdim etdik.
Görülən hər iş, atılan hər addım bizi bir-birimizə daha da yaxınlaşdırdı, doğmalaşdırdı. Beləcə, illərdir ürəyimdə saxladığım, daim həssas nöqtəyə çevrilən bu doğma çöhrələrin sevincini görmək nəsibimiz oldu. Çox istərdim ki, o həssas uşaqların səhnədə olduğu an onları zaldan seyr edən doğmalarının üz-gözlərindəki sevinc dolu, izahına çətinlik çəkdiyim ifadəni özünüz görüb hiss edəsiniz.
Mənim uşaqlarla işləməyim təsadüfi deyil. Həmişə arzum olub ki, uşaqlarla çalışım, onlarla nələrsə edim. Onlarla işləməkdən böyük zövq alıram. Bu, mənim üçün sanki bir terapiyadır. Bununla özüm-özümü sanki cənnətə aparıram, özümü cənnətlə müjdələyirəm. Onlara bir verdiyimi beş qaytarırlar. Elə böyük, elə məsum, elə təmənnasız sevirlər ki, sən istəyirsən bütün dünyanı qucağına alıb onlara bağışlayasan. Uşaqlarda minnətdarlıq hissi daha çoxdur. Onlar daha səmimi, daha düzgündürlər. Onlarla saatlarla işləyirəm, yorulmuram. Onlar hər şeyi düzgün dəyərləndirə bilirlər. Kukla Teatrının aktyorları ilə işə gəldikdə isə, onlar peşəkardırlar. Əlbəttə, bu işin də özünə uyğun çətinlikləri var. Amma düşünürəm ki, insan işini sevməlidir. Sevgi olan yerdə hər şey gözəl olur və nəticələr daim ürəkaçan olur.