Məmməd Şəfiyev Torpağın haqqını ödəməyi bacaran sahibkar
Cəmiyyət
29.05.2025
14:09
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, dövlətçilik ənənələrimizin və hüquqi dəyərlərimizin daha da möhkəmlənməsinə, eyni zamanda ictimai şüurun təbiətə, ətraf mühitə münasibətdə yüksəlməsinə səbəb olmuşdur. Bu mənada ölkənin müxtəlif bölgələrində həyata keçirilən yaşıllaşdırma və ekoloji təşəbbüslər, təkcə dövlət orqanlarının deyil, həm də sahibkarların, özəl sektor təmsilçilərinin vətənpərvər yanaşmasının bariz nümunəsidir.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən daş karxanasının rəhbəri, vətənpərvər sahibkar Məmməd Şəfiyev də bu nümunəvi vətəndaşlıq mövqeyi ilə fərqlənir. Ölkəmizin banisi və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə o, rəhbərlik etdiyi ərazidə genişmiqyaslı yaşıllaşdırma aksiyasına start vermişdir. Onlarla, bəlkə də yüzlərlə şam ağacı əkilərək həm ətraf mühitin qorunmasına, həm də gələcək nəsillərə daha sağlam təbiət mirası qoyulmasına töhfə verilmişdir.
Məmməd Şəfiyev daş karxanası sahəsində illərlə zəhmət çəkərək, təbiətdən qazanc əldə edən sahibkarlardandır. Lakin onun fəaliyyətində diqqət çəkən əsas məqam odur ki, o, yalnız qazanc məqsədilə deyil, həm də təbiətin haqqını qaytarmaqla, ekoloji məsuliyyət hissini daşıyaraq fəaliyyət göstərir. Bu, müasir Azərbaycan sahibkarına xas olan bir xüsusiyyət – sosial məsuliyyət və milli dəyərlərə sadiqlikdir.
Şəfiyev öz çıxışlarında dəfələrlə vurğulayır ki, Ümummilli Lider Heydər Əliyevin "Təbiəti qorumaq hər bir vətəndaşın borcudur" fikri onun həyat kredosuna çevrilmişdir. Bu yanaşma onun rəhbərlik etdiyi müəssisənin bütün fəaliyyətində öz əksini tapır. Karxanada aparılan işlər zamanı ətraf mühitə zərərin minimuma endirilməsi, torpaq və su resurslarının qorunması əsas prioritetlərdən biridir.
Məmməd Şəfiyev timsalında, Azərbaycanın müasir sahibkar obrazı – vətənə, təbiətə, xalqa xidmət edən şəxsiyyət kimi formalaşır. O, sübut edir ki, biznes uğuru və ictimai məsuliyyət bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayan mühüm dəyərlərdir.