Ayaz Bağırovun peşəkar yüksəlişi: Zəhmətkeş bir mühəndisdən nüfuzlu rəhbərliyə gedən yol
Cəmiyyət
22.05.2025
11:51
Bu gün neft sənayesində uğurlu karyera yolu keçmiş və öz zəhməti ilə yüksəlmiş peşəkarlarımız arasında Ayaz Bağırovun adı xüsusi hörmətlə çəkilir. O, 1999-cu ildə Balaxanı Neft-Qaz Çıxarma İdarəsində (NQÇİ) əmək fəaliyyətinə sadə fəhlə kimi başlayaraq pillə-pillə yüksələrək bu sahədə nüfuzlu bir şəxsiyyətə çevrilib.
Peşəkar fəaliyyəti dövründə zəhməti, məsuliyyəti və təşəbbüskarlığı ilə seçilən Ayaz Bağırov 2012-ci ildə Siyəzən Neft NQÇİ-yə baş mühəndis təyin olunub. Qısa müddət ərzində burada da uğurlu nəticələr göstərərək idarənin rəisi vəzifəsinə qədər yüksəlib. Bu vəzifədə çalışdığı müddətdə idarənin fəaliyyətində mühüm dəyişikliklərə və irəliləyişlərə nail olub. Onun rəhbərliyi dövründə Siyəzən Neft NQÇİ-də əməyin təşkilində səmərəlilik artıb, texniki təchizatın yenilənməsi istiqamətində mühüm addımlar atılıb və kollektiv arasında sağlam iş mühiti formalaşıb.
2024-cü ilin 22 may tarixində isə Ayaz Bağırov daha bir mühüm təyinat alaraq Ə.C.Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinə rəis vəzifəsinə təyin olunub. Bu gün etibarilə onun bu vəzifədə fəaliyyətə başlamasından 1 il ötür. Ayaz Bağırov təyinatını böyük məmnuniyyət və minnətdarlıq hissi ilə qarşılayıb. O, göstərilən etimada görə ilk növbədə ölkənin Ali Baş Komandanına və eyni zamanda “Azneft” İstehsalat Birliyinin baş direktoru cənab Əli Qurbanova dərin təşəkkürünü bildirir.
Ayaz Bağırov hazırda rəhbərlik etdiyi kollektivin bir parçası olmaqdan qürur duyur. İşini sevərək icra edən bu təcrübəli rəhbər ötən bir il ərzində idarədə xeyli yeniliklərə və nailiyyətlərə imza atıb. Onun məqsədi Azərbaycan neft sənayesinin inkişafına töhfə vermək, gənc mütəxəssislərə yol göstərmək və kollektivin birgə əməyini daha yüksək nəticələrə yönəltməkdir.
Qeyd etmək yerinə düşər ki, Ayaz Bağırov Vətənə və onun müdafiəçilərinə daim xüsusi həssaslıqla yanaşır. O, şəhid ailələrinə və qazilərə hər zaman böyük ehtiramla yanaşır, onların sosial rifahının yaxşılaşdırılması və mənəvi dəstəklə təmin olunması istiqamətində ardıcıl olaraq diqqət və qayğı göstərir. Onun bu münasibəti kollektiv tərəfindən də yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır.
Əmək fəaliyyətində dürüstlük, səmimiyyət və peşəkarlıq prinsiplərini əsas tutan Ayaz Bağırov bugünkü uğurlarını məhz zəhmətsevərliyinə, təşkilatçılıq qabiliyyətinə və daim yüksəlişə doğru irəliləmək əzmində olmasına borcludur.