Piran Çörək Zavodunda gigiyena biabırçılığı xalqın çörəyinə bu münasibət olarmı, Fikrət Əzimov?
Tənqid
21.06.2025
12:41
Piran Çörək Zavodunda gigiyena biabırçılığı – xalqın çörəyinə bu münasibət olarmı, Fikrət Əzimov?
Binqədi rayonunda yerləşən və rəhbərliyi Fikrət Əzimova məxsus olan Piran Çörək Zavodunda baş verənlər ölkəmizdə ərzaq təhlükəsizliyi və istehlakçı hüquqları ilə bağlı ciddi suallar doğurur. Media nümayəndələri olaraq apardığımız çəkiliş zamanı sexin daxilində atxod çörəklərin yerə töküldüyünü, antisanitar şəraitin hökm sürdüyünü müşahidə etdik.
Zavodun çörək sexində görülən bu mənzərə təkcə gigiyena qaydalarının kobud şəkildə pozulması deyil, eyni zamanda çörəyə, yəni xalqın ən müqəddəs qidasına qarşı açıq-aşkar hörmətsizlikdir. Yerə atılan çörəklər, üst-üstə yığılan tullantılar və işləyən fəhlələrin biganə münasibəti bu müəssisədə ciddi nəzarət boşluğunun olduğunu göstərir.
Piran Çörək Zavodu kimi iri istehsal sahəsində bu cür məsuliyyətsiz yanaşma yalnız əhalinin sağlamlığını deyil, həm də dövlətin ərzaq təhlükəsizliyi siyasətinə kölgə salır. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumları hara baxır? Niyə bu zavodda nəzarət yoxlanışı aparılmır? Məgər vətəndaşın süfrəsinə gedən çörəyin hansı şəraitdə hazırlandığı vacib deyil?
Sexin rəhbəri və zavodun sahibi Fikrət Əzimovun bu cür rüsvayçı şəraitə göz yumması, media və ictimaiyyətin qarşısında məsuliyyətdən yayınması yolverilməzdir. Bu, sadəcə idarəçilik zəifliyi deyil – bu, xalqın gündəlik ruzi-bərəkətinə qarşı məsuliyyətsizlikdir.
Yerə tökülən çörəklərlə bağlı məsul şəxslər inzibati cəza alsın;
Fikrət Əzimov və müəssisə rəhbərliyi bu məsələ ilə bağlı ictimaiyyətə rəsmi izahat versin;
Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətə bu tip müəssisələrdə davamlı nəzarət sisteminin tətbiqinə dair plan təqdim etsin.
Xalq çörəklə yaşamını davam etdirir. Bu çörəyin ləyaqətli, təmiz və hörmətlə hazırlanması isə dövlətin və sahibkarın borcudur. Qida ilə oynamaq sadəcə məsuliyyətsizlik deyil, əxlaqi cinayətdir.