Beynəlxalq Türk Akademiyası ilə Qırğızıstan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İdman
29.03.2023
23:35
Beynəlxalq Türk Akademiyası ilə Qırğızıstan arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayev Qırğızıstana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Aynurə Əskərova ilə görüşüb.

BTA-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Akademik Şahin Mustafayev Aynurə Əskərovaya Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq İpək Yolu Tarixi Sərgisi haqqında məlumat verib və Qırğızıstan tərəfini sərgidə iştiraka dəvət edib.

Aynurə Əsgərova səmimi dəvətə görə təşəkkür edib və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan üç mədəni sərvəti nümunə kimi gətirərək digər türk dövlətləri ilə yanaşı, Qırğızıstanın da öz zəngin mədəni irsini tam şəkildə nümayiş etdirə biləcəyini diqqətə çatdırıb.

Nazir müavini Beynəlxalq Türk Akademiyası prezidentinə Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş birgə tədbirlərin təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.

Akademiyanın prezidenti bu təklifin birgə işlənib-hazırlanmasında maraqlı olduğunu bildirib.

Beynəlxalq Türk Akademiyası ilə Qırğızıstan arasında əməkdaşlıq məsələləri müzakirə edilib